Şirkətlərdə “pis adam” rolunu kimsə oynamalıdırmı mütləq ?

Menecment 15-ноя, 19:37 admin 79 0
Bir çox şirkət rəhbərləri hesab edirlər ki, idarəetmənin yeganə yolu budur. Belə əsaslandırırlar ki, hamı işçilərin üzünə gülsə, “quduracaqlarmış” işçilər. Biri sığallayanda biri də kötəkləməliymiş.

Kökündən yanlış iddiadır, əlbəttə. Heç kim bu üsulun effektivliyini sübut edə bilməz.

Aydınlaşdıraq görək şirkət həmin o “pis adam” ilə nəyə nail olmaq istəyir, ümumiyyətlə?

Qorxutmaq istəyir işçiləri? Qorxu altında işləyən işçi heç vaxt can yandıra bilməz şirkətinə. Qorxu altında işləyən işçi bağlana bilməz şirkətə. Sədaqətli olmaz.

Qorxu altında uzun müddətdə işçiləri saxlamaq olmaz. Uzun müddətdə yalnız iddiasız, ambisiyasız, özgüvənsiz adamlar qalar elə şirkətlərdə. Onlarla hara gedib çıxa bilər ki o şirkət ?

“Pis adam” rəhbərin “rəhmli” imicini yarada bilirmi? Bir çox şirkətlərdə işçilərlə daha sıx əlaqədə olan menecerlər “pis adam” rolunda olurlar. Özlərini inandırırlar ki, onlar işçiləri “sıxaraq” nəticəyə nail olacaqlar, yeri gələndə də “rəhmli rəhbər” ortaya çıxaraq işçilərin üzünü güldürəcək, motivasiyasını təmin edəcək. Belə olmur motivasiya. Motivasiya işçinin işdə özünü necə hiss etməsi ilə bağlı məsələdir daha çox. İşçinin bütün günü zəhləsini töküb sonra hansısa “motivasiya mərasimi” ilə həvəslə işləməsini təmin etmək olmaz.

Bu yaxınlarda bir dostum mağazalarında işçilərin performansını ölçmək üçün checklist kriteriyalar müəyyən etdiyini, bunun tətbiqi üçün bir nəfər “qorxulu” adam işə götürmək lazım olduğunu məsləhətləşirdi mənimlə. Mövqeyim o oldu ki, “qorxulu” adam polis üsul-idarəsi ilə heç nəyə nail ola bilməz. Əksinə, işçiləri hədəfə çatmaqda həvəsləndirəcək bir adama həvalə etmək lazımdır bu işi. O adam işçilərə izah etməlidir ki, məqsəd kiminsə əmək haqqını “kəsmək” deyil. Məqsəd hədəflərə çatmaqdır, çalışmaqdır ki, hamı daha çox maaş alsın. Prosesdə performansın qiymətləndirilməsi zamanı bir az da güzəştli davranırsan, olur əsl proqressiv iş. Bu halda işçilər o checklist sisteminə nifrət etməyəcəklər.

“Pis adam” rolunda olan menecerlə münasibətdə işçilər qanun, məcəllə dili ilə danışacaqlar. Səmimi münasibət olmayacaq. İş vaxtının bitməsini gözləyəcək birtəhər. Həmişə dediyim kimi, normal ailədə “Ailə məcəlləsi” gündəmə gəlmədiyi kimi, normal şirkətdə də “Əmək məcəlləsi”, əmək müqaviləsi gündəmə gəlməməlidir. Kağızla işçini bağlamaq olmaz ki şirkətə. Kövrək olar o “bağlılıq”.

Mütərəqqi şirkətlər HR brendinq haqda düşünürlər. Ən işləməli iş şəraiti, ən yaxşı işəgötürən olmaq üçün çalışırlar. “Pis adam” ilə bu məqsədə çatmaq mümkündürmü? Xeyr.
Oxşar xəbərlər


Sosial Şəbəkələr

InvestAZ
Təqvim
«    Май 2021    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Saytımızı dəyərləndirin